Ketlin Törner
Aktrisa
Ketlin Törner 19 iyun 1954-cü ildə Missuri ştatının Sprinqfild şəhərində anadan olub. Atası Amerika səfiri olub, uşaqlığı ölkə xaricində keçib. İki il Missuri ştatının Cənub-Qərb Universitetində oxuyub. Ardınca Baltimorun Merilend Universitetinə keçib. Ulduzluğa 1981-ci ildə Uilyam Hörtlə birgə çəkildiyi “Bədən yanğısı” erotik trilleri ilə yüksəlib. Bu və erotik mövzulu digər iki filmdə (“İki beyinli adam”, 1983/ “Ehtiras zəminində cinayət”, 1984) kişiləri öz ehtiraslı ədaları ilə caynağına keçirən və manipulyasiya edən qadın obrazını yaradıb. 1984-cü ildə Maykl Duqlas və Denni Devito ilə birlikdə “Daşla roman” macəra filminə çəkilib. Həmin rol ona ilk “Qızıl qlobus” mükafatını qazandırıb. 2 ildən sonra onun sikveli sayılan “Nill incisi” filmində rol alıb. 1989-cu ildə isə Deni Devitonun “Rouzların müharibəsi” romantik tragikomediyasında baş rola çəkilib. Bundan 5 il əvvəl milyonçu Cey Veyə ərə gedib, 3 ildən sonra onların qızı dünyaya gəlib. Karyerasının zirvəsində Frensis Ford Koppolanın (1986) “Peggi Syü ərə gedib” filminin çəkiliş heyətinə qatılıb. Oynadığı rol ona “Oskar” mükafatı nominasiyası qazandırıb. 1993-cü ildə Törnerə avtoimmun xəstəlik – revmatoid artrit diaqnozu qoyulub. Hormonlarla ilkin müalicə onun xarici görünüşünə təsir edib, onun kökəlməsinə yol açıb. Kəskin ağrılara görə Törner faktiki olaraq gəzə bilməyib. Onun ağrılarının azalması üçün spirtli içkilərdə sığınacaq tapdığı bildirilir. Uzunmüddətli müalicədən sonra Törner kinoya geri dönüb, artıq yaşlanması və əvvəlki cazibəsini itirməsinə görə, ona daha çox ikinci plan rollar həvalə olunur. İkiqat “Qızıl qlobus” mükafatı laureatıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%91%D1%80%D0%BD%D0%B5%D1%80,_%D0%9A%D1%8D%D1%82%D0%BB%D0%B8%D0%BD