Liza Azuelos
Aktrisa, kinorejissor, ssenarist, prodüser
Liza Azuelos 6 noyabr 1965-ci ildə Neyi-sür-Sendə (Fransa) müğənni, aktrisa Mari Lafore və yəhudi mənşəlli mərakeşli Cüdas Azuelosun ailəsində anadan olub. İki yaşı olanda valideynləri boşanır, Liza anası ilə birlikdə qalır. Aktrisa qardaşı ilə birlikdə “Les Sept Nains” adlı İsveçrə internat məktəbində oxuyur. Dediyinə görə, burada onları həm fiziki, həm də mənəvi olaraq alçaldırdılar. Orta məktəbi bitirdikdən sonra, 16 yaşında sənədlərini Dofina kollecinə verir. Özü də bilmədən çəkiliş meydanına düşən Liza Lük Bessonla tanış olur. Lizanın yazdığı ssenarini alsa da, Besson onu ekranlaşdırmır. Həmin dövrdə Azuelos gələcək həyat yoldaşı Patrik Alessandrinlə tanış olur. 2006-cı ildə Parisdə yaşayan yəhudi icmasının üzvü olan dörd qız və onların Parisdə sevgi axtarmalarından bəhs edən “Sən necə də gözəlsən!” adlı ilk filmini çəkir. 2008-ci ildə ona uğur gətirən “LOL” filmini ekranlaşdırır. 2012-ci ildə isə “Yay, sinif yoldaşları, məhəbbət” adlı Amerika filminin remeykinə rejissorluq edir, lakin orijinaldan fərqli olaraq Lizanın çəkdiyi film neqativ rəylər alır. 2014-cü ildə Fransua Klüze və Sofi Marsonun baş rolda iştirakı ilə “Bir görüş” filminə quruluş verir. Filmdə özü Anna rolunda çəkilir. Liza özünün şəxsi “Bethsabée Mucho” adlı prodüser şirkətini yaradıb. Üç övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lisa_Azuelos