Yaşar Nuri
Aktyor, rejissor
Yaşar Nuri (3 sentyabr 1951 – 22 noyabr 2012) — azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib....İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir. Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ya%C5%9Far_Nuri