Şahan Gökbakar
Aktyor, ssenarist, prodüser
Şahan Gökbakar - türkiyəli komediya aktyoru, yumorist, ssenarist və prodüserdir. 22 oktyabr 1980-ci ildə Türkiyənin paytaxtı Ankarada anadan olub. Ortadoğu Texniki Universiteti nəzdində orta məktəbdə oxuyub. 1997-ci ildə orta təhsilini başa vurduqdan sonra Bilkent Universitetinin İncəsənət fakültəsinə daxil olaraq musiqi və təsviri incəsənət bölməsində ali təhsil alıb. Məzun olduqdan sonra İstanbula köçüb. Bir müddət müxtəlif reklamların kastinqlərinə qatılaraq, özünü aktyor olaraq sınayıb. Sonrada “Zıbın” adlı bir teleproqram ərsəyə gətirərək, onu 2003-cü ilin yeni il gecəsində TV8 bayramla əlaqədar yayımında təqdim edib. Daha sonra TRT1 telekanalında bazar günləri canlı yayımlanmış “7 Gün” proqramının beş həftə ərzində aparıcısı olub. Ardınca “Zoka” adlı gizli kamera çəkilişindən ibarət əyləncəli proqramın aparıcısı və aktyoru olub (13 bölüm). Türkiyə kinematoqrafiyasının komediya seqmentində yaratdığı özünəməxsus “Recep İvedik” adlı ipə-sapa yatmayan, kobud və sadəlövh kişi obrazı ilə məşhurlaşıb. Bu personaj “Şaban”dan sonra Türkiyə komediyasına yeni nəfəs gətirib. Qardaşı rejissor Toqan Gökbakarla sıx əməkdaşlıq edir. Şəxsi həyatına gəlincə Selin Ortaçla evlidir. Bu nikahdan Deniz Efe adlı oğlu və Ela adlı qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/%C5%9Eahan_G%C3%B6kbakar