Entoni Kuinn
Aktyor
Entoni Kuinn 1915-ci ildə Çiuauada şəhərində (Meksika) Meksika inqilabının qızğın vaxtlarında anadan olub. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçib. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanıb və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənib. 1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlayıb, əvvəl teatrda sonra isə kinoda rollar ifa edib. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında olub. Sonrakı illərdə onun repertuarında müxtəlif rollar oldu. Həmin rollar arasında hindu, quldur, mafioz, ərəb və hətta çinli partizan rolları var idi. 1947-ci ildə Entoni Kuinn Amerika vətəndaşlığını qəbul etdi və 1950-ci illərin əvvəlində kinoya qayıtdı. İlk böyük uğurunu 1951-ci ildə Meksika inqilabçısı Eufemio rolunu oynadığı "Yaşasın Sapata!" filmindən sonra qazanır. Bu rol aktyora "Oskar" mükafatını qazandırır. 1956-cı ildə Kuinn "Yaşamaq yanğısı" filmindəki roluna görə ikinci dəfə "Oskar" mükafatı laureatı olur. 1950-ci illərin ortalarında Entoni Kuinn artıq İtaliyada tez-tez çəkilməyə başlayır. Onun İtaliyada çəkildiyi filmlərdən birinciləri Federiko Fellininin 1954-cü ildə çəkdiyi "Yol" və Jan Delannuanın 1956-cı ildə çəkdiyi "Paris Notrdam kilsəsi" əsərləri olur. 1960-cı illərdə aktyor xarakterik rollara müraciət etdi. Onun "Navaron adasının topları" (1961), "Ərəbistalı Lourens" (1962) və "Yunan Zorba" (1964) filmlərindəki rolları kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Sonrakı iki onillikdə aktyor "Blef" (1976), "Səhra aslanı" (1981) kimi filmlərdə uğurlu rollar oynayıb. 1990-cı illərdə Entoni Kuinnin fəaliyyəti zəifləsə də o, yenə bir çox filmlərdə çəkilirdi. 1992-ci ildə "Qanqsterlər" filmindəki roluna görə "Qızıl moruq" antimükafatına namizəd olub. Şəxsi həyatına nəzər salsaq, Entoni Kuinn 3 dəfə ailə qurub. Onun ilk arvadı Sesil B. De Millin qızlığı Katerin olub. Bu nikahdan 5 övlad dünyaya gəlib. Boşanmadan sonra Kuinn 1966-cı ildə İolande Addolori ilə evlənmiş və onların 3 övladı olmuşdur. Kuinnin üçüncü və sonuncu həyat yoldaşı onun keçmiş katibəsi Keti Benvin idi. Onların iki övladı olmuşdur. Son övladı dünyaya gələndə Entoni Kuinnin artıq 81 yaşı var idi. Entoni Kuinn maddi olaraq, xəyalarını gerçəkləşdirmişdi. Yüz milyonlarla dollarlıq mülkü, dəyərli tabloları var idi. Amma o, xoşbəxt deyildi. Adamların çox olduğu yerlərdə, jurnalistlər qarşısında gülümsəyir, lakin evində yaxınları ilə birlikdə ikən küskün olurdu. Qocalıq illəri gəlib çıxmışdı. Bütün o sərvəti qoyub gedəcəyini fikirləşdikcə, yuxuları qaçırdı. Aktyor ömrünün son illərini Bristolda – Rod-Aylend ştatında keçirirdi. Entoni Kuinn 3 iyun 2001-ci ildə sətəlcəm, nəfəs çatışmazlığı və boğaz xərçəngindən 86 yaşında dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Entoni_Kuinn