INSANLAR YARANIŞLARININ MƏQSƏDİNİ BU GÜNƏDƏK ANLAMİRLAR: BİZ KİMİK VƏ NƏ EDİRİK? İNSANLAR ATDIQLARI HƏR BİR ADDIMIN, TÖRƏTDİKLƏRİ HADİSƏLƏRİN ƏHƏMIYYƏTINI YALNIZ VAXT KEÇƏNDƏN SONRA ANLAYIRLAR. ONA GÖRƏ DƏ BİZ HƏMİŞƏ ŞÜBHƏLƏNİRİK - DÜZ ETMIŞIK, YA YOX? GÖRƏSƏN GƏLƏCƏK NƏSİLLƏR BİZİ NECƏ XATIRLAYACAQ? ADLARIMIZ, GÖSTƏRDİYİMİZ ŞÜCAYƏT VƏ ÜRƏYİMİZDƏ YANAN MƏHƏBBƏTİ UNUTMAYACAQLAR Kİ?
TəkAllahlıqı təbliğ edən bütün dinlərin kökündə, əsas və aparıcı rol Yaradanın bizə hədiyyə etdiyi həyata verilib. Allah istəyir ki, biz bir ömür yaşayaq: onun bizə verdiyi ömrü. Bu müddət ərzində biz yaşadığımız mühitdə qaynayıb qarışaraq, hər şeyi işə salan enerji yaratmaqla böyük və özünəbənzərləri istehsal edən mühərriki daim hərəkətdə saxlamalıyıq. Bu çox ali və müqəddəs tapşırıqdır. Lakin həmin tapşırıqı yerinə yetirməyə borclu olan insan vaxt aşırı bu qanunu korrektə edir və Allahın hədiyyəsi olan həyatı kəsir və özünə bənzərləri öldürür, bununla da mövcud ilahi qanunauyqunluğu pozur.
“Xoca” filminin əsasında nəyin durub-durmamasına baxmayaraq, tamaşaçı üçün bu bir sual olmalıdır – müharıbələr nəyə və kimə lazımdır.
XX-ci əsrin 80-cı illərinin sonunda Qarabağ erməniləri ilk dəfə müstəqillik məsələsini qaldıranda bu yazının müəllifi əskərlikdə idi, azərbaycanlı və ermənilər daxil olmaqla bütün Sovet xalqlarının dostluğunu və əmin-amanlığını, Mənəviyyatı qoruyurdu. Azərbaycanlı və erməni əskərləri bir-birini qorumaq üçün düşünmədən sinəsini qabağa verir – yuxarıda sadalanan Mənəvi dəyərləri qoruyurdular!
Bir neçə ay keçəndən sonra müəllif Qarabağda Xocalıdan Ağdama gedən və daşa basılan avtobusun sərnişini idi. Sözün düzü bu hadisədə kimin kimə daş atmasi vacıb deyil - əsas odur ki, yenə də azərbaycanlı və ermənilər sinələrini düşünmədən qabağa verir – bu dəfə də Mənəvi dəyərləri qoruyurdular…
Axı bu Mənəviyyatın başına nə gəldiʔ O xəstə idi və sağaldı, yoxsa sağlam idi, xəstələndi? Bu məqamda biz sağlam və xəstə Mənəviyyat anlayışını ayırd etsək, yazını davam etdirə bilərik - əks halda yenə bir şey anlamadan böyük bir daşın altında qalacağıq.
Məncə Mənəviyyat Allahın adama hədiyyə etdiyi həyatı, bu prizmadan onu əhatə və himayə edən əzizlərini, doğmalarını, ümumiyyətlə yaşadığı cəmiyyəti, məkanı qorumalı, möhkəmləndirməlidir, adı çəkilən dəyərlər çərçivəsində insanı- onun həyat eşqi və iradəsini təbliğ etməlidir. Bu hədəflərdən kənar Mənəviyyat – düşük və xəstədir. Belə ki, insan həyatı, onun özünü qoruma instinkti və yaşamaq hüququ varlığın əsas şərtidirsə, Mənəviyyat ona enerji verən mühərrikidir. Mən bunu sağlam cəmiyyətin ən təsirli və güclü idarəetmə vasitəsi olan “İçtimai Mənəviyyat” adlandırıram.
Bu rakursda Mənəviyyat çox güclü və təsirli vasitədir. Orta əsrlərdən bəri insanlar Mənəviyyatdan həm də öz məqsədlərini həyata keçirmək, hakimiyyətlərini gücləndirmək üçün istifadə edir. Və burada söhbət Mənəviyyatın keyfiyyətindən deyil –onun qarşısına qoyulmuş məqsədə nail olub-olmamasından gedir. Bu isə asan məsələ deyil və onu sıradan biri həyata keçirə bilməz. Bunun üçün Təmiz İnsan gərəkdir – Allah tərəfindən seçilmiş və ətrafındakıları özünə əziz və doğma hiss edən, yaşadığı cəmiyyəti və məkanı daim qoruyub möhkəmləndirmək istəyi ilə yaşayan insan! Təmiz İnsan – cəmiyyətdə yaşayır, mövcud ərazidə hərəkət edir, özünəbənzərləri yaradır, onları və özünü müdafiə edir. Lakin Təmiz İnsanın özünümüdafiə sistemi ilə Heyvanı İnsanın özünü müdafiə sistemi fərqlənir – İnsan bu aspektdə İçtimai Mənəviyyata arxalanırsa, heyvanat aləmi yalnız bioloji instinktlərə əsaslanır, özünü və balalarını nəyin bahasına olursa olsun qoruyur, yaşadığı cəmiyyətə və məkana şüurlu qulluq hissi ilə hərəkət etmir.
XX-ci əsrin əvvəllərində Birinci Qarabağ Müharibəsini uduzmuş və təhqir olunmuş Azərbaycan çox ağır sınaqlardan keçirdi. Ölkə dərin depressiya, bərbadlıq və iqtisadi böhranlar dövrünü yaşayırdı. Bundan əlavə millətin aparıcı və İçtimai Mənəvi dəyərlərə arxalanan böyük bir hissəsi (Təmiz İnsanlar – müəllif) ya artıq müharibədə şəhid olmuşdu, yaxud hələ də döyüşlərdə iştirak edirdi. Sözsüz ki, sağlam hüceyrələrin orqanizmi kütləvi halda tərk etməsi onun həyatına son qoymursa da onu mütləq Xəstə vəziyyətə salır. Sağlam immun(özünümüdafiə -müəllif) sistemləri dağılır və heç də qeyri adi hal deyil ki, məhv olmuş sağlam hüceyrələrin yerini hər bir yolla özünü qorumaq üçün bioloji instinktləri ön plana gətirən, xəstə hücerələr tutur və bununla da yalnız özlərini, balalarını qoruyan yeni Mənəviyyat kodeksini yaradılrlar. Mən bunu xəstə cəmiyyətin ən təsirli və güclü idarəetmə vasitəsi olan “Bioloji Mənəviyyat” adlandırıram.
Bir cəmiyyət- iki dominant Mənəviyyat?! Belə bir şey mümkündürmü? Bu sıradan digər suallara cavab tapmaq ehtiyacı yaranır. “Erməniyə dayı deyərəm işimin xətrinə”, “Şərikli işim olmaqdansa, şərikli arvadım olsun”, “Əl əli yuyar, əl də qayıdıb üzü”, “Tüpür əlimə sürtüm süfətimə”, “Torpaq uğrunda ölən varsa – Vətəndir!” – bu və onlarla digər belə ifadələrdən təsirlənən cəmiyyətin bir hissəsinin Mənəvi dəyərləri hansı müstəvidə fəaliyyət göstərməlidir və bu yol onu hara aparır?
“XOCA” filmi müasir Azərbaycan Ekspressionizminin ilk nümünəsidir. Burda ənənəvi Alman ekspressionizmindən, onun romantik anturajlarından, real monstrlar və qara mistik kölgələrdən əlamətlər olmasa da ətraf reallığın ədalətsizliyi və düşmənçiliyi, birinci Qarabağ müharibəsində bir sıra məğlubiyyətlərlə rastlaşan Azərbaycanın bədbəxt gününə, mövcud İçtimai və yaranan Bioloji Mənəviyyatlar arasənda baş verən toqquşmaya bədii pessimizm prizmasından baxış var. Həyatla ölüm, dəhşətli ilə gülməli, eybəcərlik və gözəllik arasında olan kontrast, milli məcaz və qrotesk bu filmin əsasınl təşkil edən dəhşətli hayqırtı və qışqırıqdan söz açır. Filmdə ekspressinist tərzdə real hadisələrin arxasında Azərbaycanda bu gün də hökm sürən ciddi Mənəvi Böhranın bədii təzahürü durur. Yadımdadır ki, XX-ci əsrin 90-cı illərininin əvvəllərində Bakının Neftçilər prospektində, düz Lenin muzeyi ilə üzbəüz “Torpaq uğrunda ölən varsa – Vətəndir!” şuarı asılmışdı… Və mən, müharibədə olan və bütün döyüşən tərəflərin (o cümlədən ermənilərin!) daim itki verdiyini yaxşı bilən bir adam kimi sözün düzü bu şuarı anlamırdım. Amma uzun müddət orada asılmış bu şüar heç kimi narahat etmirdi… Dövran deformasiyaya uğrayırdı.
Sözsüz ki, mənim bütün düşüncələrim subyektivdir və yalnız mənim gözlərimlə görünən və mənim ürəyimlə hiss edilən biganə, bivec, maddiyyat və mənəviyyat arasında olan kontrastlarla zəngin reallığdan bəhs edir.
“Xoca” filmi Müharibələrin sağlam Cəmiyyətə açdığı atəş nəticəsində gözümüzün qabağında deformasiyaya uğrayan və haçalanan muasir cəmiyyət, onun dağılması, savaşlardakı məğlubiyyət, dəyərlərin ucuzlaşması, maddiləşməsi, İçtimai və Bioloji Mənəviyyat arasında körpülərin yaranması prosesini nümayış etdirir. Yüngül, Alahdan və milli adət-ənənələrdən uzaq, daha çox məişət dəyərlərinə istigamətlənmiş və bu səbəblərdən hərəkətlərində tam sərbəst Bioloji Mənəviyyat sürətlə üst qata qalxır, köklərimizə möhkəm bağlanmış, ağır İçtimai Mənəviyyatı dibə batıraraq, qurşaqdan aşağı səviyyədə məhv etməyə çalışır. Bu proses həm də ona görə baş verməlidir ki, sonuncunun fonunda birincinin eybəcər və iyrənc tərəfləri və hərəkətləri nəzərə çarpmasın və total savadsızlığ, biganəlik, mədəniyyətsizlik, özbaşınalıq cəmiyyətdə yeqanə ifadə forması olaraq heqemonluq təşkil etsin. Bu prosesin sürətlə inkişafına şəxsən cənab Müharibə və xanım Depressiya (məğlubiyyət – müəllif) yardım edir…
Filmin çəkilişi zamanı Afşin Əlizadə (solda) və Vahid Mustafa yev (sağda)
Mənim üçün çox maraqlı idi ki, Bioloji Mənəviyyatı formalaşdıran insanlar və ya toplunun- bəzi hallarda cəmiyyətin üst təbəqələrini təmsil edənlərin daxilində nələr var… Mən onların daxili aləminə nəzər saldım və orda işıqlı bir şey görmədim.
Belə ki, Azərbaycan bir cəmiyyət kimi müharibədə 16 mindən çox adam itirdi - vacib və İçtimai Mənəviyyatın görkəmli nümayəndələrini, ailəsini, yaşadığı cəmiyyəti və Vətən dəyərini, azadlığı anlamaq iqtidarında olan və onları nəyin bahasına olursa olsun qorumağı istəyən və bacaran təbəqənin böyük hissəsini. Sosiologiya elminə görə bu elə həmən təbəqədir ki (hər bir toplunun 2 faizi) əks və xəstə mənəviyyatla mübarizə apararaq cəmiyyəti inkişaf etdirir, onun sağlam mənəviyyatını və milli dəyərləri qoruyurdu. Sözsüz ki, cəmiyyətdəki bu yer boş qalmadı, onu yeni yaranmış və heç bir mədəni-qanuni çərçivəsi olmadan sürətlə inkişaf edən Bioloji Mənəviyyat tutdu… Amma mübarizə bitmədi, az da olsa, maksimum aşağı düşsə də İçtimai Mənəviyyat öz mübarizəsinə davam edir və bu öz növbəsində artıq yeni daxili konfliktlər yaradır.
Bu konfliktlərdən ən gözə çarpanı isə Şəhidlik institutunun deformasiyasıdır. İçtimai Mənəviyyatın özünümüdafiə sisteminin enerji verən mühərriki Şəhidlik intizamıdırsa, Bioloji Mənəviyyat hər bir məntiqi- fəlsəfi dəyərlərdən uzaq olaraq Qurbanlıq təsadüflərinə arxalanır. Sözsüz ki, Mənəviyyat baxımından Qurbanlar müəyyən müdafiə sistemlərini işə sala bilər, amma daim enerji verən mühərrik rolunu oynaya bilməz. Mən bu gün də anlamıram ki, niyə 1990-cı ilin 20 yanvar qırğınınin Qurbanlarına Şəhid deyirlər. Anlamıram: niyə təsadüfən, məsələn avtobusda və ya küçədə gedərkən gülləyə tuş gəlmiş Qurbanlar da, Allah yolunda və əsas mənəvi dəyərlər olan həyatı, əzizləri və yaşadığı ərazi uğrunda öz həyatlarını bilərəkdən verən qəhramanlar da Şəhid adlandırılirlar?! Bioloji Mənəviyyatın özünümüdafiə sistemi olmadıqından o Şəhidlik və Qəhrəmanlıq institutlarını inkar edir və bu onun İçtimai Mənəviyyatdan prinsipial fərqinin bazisidir. Şəhidlik və Qəhrəmanlıq intizamı mövcud şüurun törəməsidir, bioloji aləm isə şüursuzdur və yalnız instinktlərlə hərəkət edir – tək Allaha inamsızlıq, daim rasional yolların axtarışı, məhəbbətin iflası, və güc qarşısında dözüm gətirməyərək qaçmaq. Sözsüz ki, hər hansı Şəhidlik anlayışı bu sistemi dağıdır. Məsələn, indiyədək düşünürük ki, XX-ci əsrin əvvəllərində bizi erməni basqınlarından türk ordusu xilas edib. Axı necə ola bilər ki, qoz-qocaman bir millət düşmənə qarşı heç bir hərəkət etməyib və ermənilərlə birlikdə şanlı türk ordusunun gəlişini gözləyib ki, gəlib onu xilas etsin. Bəs hardadır bizim Qəhramanlar: Şücaət göstərən Qoçular dəstələrinin Şəhidləri, Milləti qoruyan Mücahidlər, qələbə çalan Azərbaycan Fədailəri? Onların adlarını unutmaqla, bütün müdafiə və qələbə şərəfini türk ordusuna verməklə cəmiyyətdə İçtimai Mənəviyyatın kökləri qırılır. Cəmiyyətin özünə inamı sarsıdılır və depressiya, laqeydlik virusu Bioloji Mənəviyyatı qidalandıraraq mövqelərini bir az da möhkəmləndirir. Bu fakt bizim keçmişimizdəndir, amma buna oxşar misallar ən yeni tariximizdə də mövcuddur. 1990-ci ilin 20 yanvar hadisəsindəndə bizə qalan adlar yalnız qurbanların adları və məzarlarıdır. Şəhidlərin adları isə…
Tariximizin digər ağır səhifəsi 1992-ci ilin 26 fevralına təsadüf edən Xocalı hadisələridir. Bu barədə hamı hər şeyi bilir… və eyni zamanda heç kim heçnə bilmir. 2011-ci ilin fevralında mən bu filmin ssenarisini yazmağa başlayanda (hadisədən 19 il sonra – müəllif) anladım ki, biliklərim dərin deyil və bir-birini vuran rəqəmlərdən, hekayələr və əfsanələrdən başqa arada heç bir şey yoxdur. Araşdırmalara başladım. 8 aylıq araşdırmalarımın sonu olaraq ortaya “Xoca” filminin ssenarisi çıxdı. Bu əsər daha çox xarici və əsasən erməni mənbələri (Britaniyalı ekspert, yazıçı Tom De Vaal, Ermənistan xarici işlər nazirinin muavini Şavarş Koçaryan, 366-ci motoatıcı alayın əskərləri, Rusiya Memorial hüquq müdafiəçiləri mərkəzinin hesabatları, Markar və Seta Melkonyanın kitabı «My Brother’s Road: An American’s Fateful Journey to Armenia», publisist Levon Melik-Şahnazaryan və s.) və sağ qalmış Xocalı sakinlərinin hekayələrinə arxalanır. Filmdə erməni tərəfindən adları çəkilən bütün şəxslər real insanlar olub və çoxları bu gün də yaşayır. Buna baxmayaraq israr etmək istəyirəm ki, film müharibə haqqında deyil – onun cəmiyyətlərdə yaratdığı fəsadlar barəsindədir…
Filmdə hadisələr Bakıda cərəyan etməyə başlayır. İki ürək biri-birini sevir və evlənməyə hazırlaşır, xeyli tədarük görüləndən sonra oğlan Qarabağa, döyüş bölgəsinə Xocalıya dönür ki, ZAQS-da verilən bir aylıq möhlətdən sonra Bakiya toya qayıtsın. Bundan sonra diqqət ayrı ayrılıqda iki Mənəviyyat sistemlərinə yönəlir – bir tərəfdən Bioloji Mənəviyyatına artıq ayaq basmış Bakı, digər tərəfdən hələ də İçtimai Mənəviyyat dövründə yaşayan Xocalı. Filmin aydın fantosmoqoriyası psixoloji təsir mənası daşıyır və məhz bu səbəbdən mən Bakını bəysiz toya hazırlaşan, Xocalını isə şəhəri silahsız qorumağa cəhd edən kimi göstərmişəm. Bir tərəfdən məcburi xoşbəxtlik və həyat, digər tərəfdən isə məcburi bədbəxtlik və ölüm görürük. Sonda isə Mənəviyyatın tam vəfatı, lakin yenə də ümidin sağ qalmasının şahidi oluruk.
Mən bu filmi Gözəl Dəhşət Polifoniyası adlandırıram və iki fərqli Mənəviyyatın çəkiliş üslubuna diqqət çəkmək istəyirəm. Beləki filmdə Bakının Bioloji Mənəviyyatını mən uzun və daxilində hərəkətli montaj edilmiş planlarla (ən uzun plan 360 saniyədən çoxdur - müəllif) çəkmişəm - bu öz növbəsində hadisələrə teatral, saxta qurulmuş təəssuratı bağışlayırsa, Xocalının İçtimai Mənəviyyatını daha çox kinoyi- xirda və qısa planlarla (ən qısa plan 1 saniyəyə bərabərdir - müəllif) dinamik tərzdə təqdim etmişəm.
Rənglərə filmdə çox vacib yer ayırılıb. Yəni tamaşaçı burda Bakını soyuq və impressionistcəsinə real, yarım ton, pastel rənglərlə dolu hərəkətdə olan, dəyişkən və fani həyat sürən gördüyü halda, Xocalı seyrçiyə onun tam əksi olaraq ekspressionistcəsinə emossional parlaq və yanar rənglərdən ibarət müxtəlif bədii formalarda təqdim edilir. Bakıda dominant Ağ – soyuq rəng Bioloji mənəviyyatı əks etdirirsə, Xocalıda Sarı – isti rəng çoxluq təşkil edir ki, bu da öz növbəsində tamaşaçını baş verənləri subyektiv qavramağa, şuur səviyyəsindən daha çox emosional müstəvidə qəbul etməyə yönəldir və İçtimai Mənəviyyatın sükutunu nümayiş etdirir. Film boyu dəhşətli zərbələr altında qalan İçtimai Mənəviyyata əsas zərbə Baş qəhramanlardan biri olan Yuranın sevdiyi Mehribanı əsir düşməsin deyə öldürdüyü səhnədə dəyir. Güllə açılan an Mehriban və film boyu ona məxsus yanar rənglər solmağa başlayır… həyat dəyanır. Bəlkədə bu zərbə sonuncu ola bilərdi, amma yanan və hələdə sağlam ürək Mənəviyyatı yaşadır, onu yerə bələşməyə qoymur. Filmin axırında isə yeni bir zərbə… Müharibə sonuncu səngər sayılan Məhəbbət bastionunu TAMAMİLƏ dağıdır. Bu mərmi düz ürəyə dəyir və hələdə içindən isti qan sızan, tələsik hazırlanan tabuta salınır Mənəviyyat. Artıq ürəyi yaralı cənazəni bu dəfə qan çəkir və tamaşaçıların qarşına mələk nuru ilə dolu Mehdi çıxır (Xocalıda sağ qalan bir uşaq - müəllif). Rəvaətlərdə olduğu kimi, Xilaskarımız Mehdinin gəlişinin məqsədi - bizi xilas etməkdir. Mehdi matros telnyaşkasında və hansısa əskərin əynindən çıxmış qanlı əskəri buşlatda gəlir və babalarımızdan qalan Xoca üzüyünü hamının qarşısında bizə təhvil verir və deyir – İNDİ SİZSİZ XOCALI!!!
Rejissor və ssenarist: Vahid Mustafayev
Rollarda :Azər Aydemir, Nigar Bahadirqizi, Telman Əliyev
Janr : Dram, 16+
Müəllif: Vahid Mustafa yev